“Qalib əsgərin hekayəti-Göygöl rayonu” kitabının təqdimatı keçirilib
31 oktyabr 2022 | 16:36
Göygöl rayon Heydər Əliyev Mərkəzində “Qalib əsgərin hekayəti-Göygöl rayonu” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, kitabın müəllifləri Anar Burcəliyev və Ruhulla Zahidov, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, ikinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 gün davam edən Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Qeyd olunub ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hərbçilərimiz döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.
Sonra kitabın müəllifləri yazıçı-jurnalist Ruhulla Zahidov və teatrşünas-tənqidçi Anar Burcəliyev çıxış edərək qeyd ediblər ki, Azərbaycan ordusunun Müzəffər Ali Baş komandanın rəhbərliyi atlında Vətən müharibəsində göstərdiyi igidliyin və qəhrəmanlıqlarının yaddaşlara həkk olunması və gələcək nəsillərə çatdırılması üçün belə kitabların hazırlanması həm vacib, eyni zamanda çox məsuliyyətli bir məslədir. “Qalib əsgərin hekayəti-Göygöl rayonu” kitabı Göygöl rayon qəhrəmanlarına həsr olunub. Kitabda qalib əsgərlərin müharibədə apardıqları uğurlu döyüşlər, qarşılaşdıqları hadisələr, keçirdikləri unudulmaz hisslər barədə danışılır. Həmçinin kitabda 44 günlük Vətən müharibəsinin Göygöl rayonundan olan şəhidləri haqqında da müfəssəl məlumatlar verilib.
Tədbirdə çıxış edən şəhid ailələri və qazilər Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi zəfərdən sonra Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən onların sosial problemlərinin həll olunması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətdə görülən işləri vurğulayaraq, Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gəlmiş “Qalib əsgərin hekayəti-Göygöl rayonu” kitabının gələcək nəsillərin vətənpərvərlik ruhda tərbiyə olunmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.
Tədbirdə çıxış edən digər natiqlər Vətən müharibəsində igidlik və qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin döyüş hekayətləri əsasında hazırlanmış “Qalib əsgərin hekayəti-Göygöl rayonu” kitabının həm Göygöl rayon ümumtəhsil məktəblərində və həm də Mərkəzi kitabxana sistemində geniş oxucu kütləsinə çatdırılmasının vacibliyi bildiriblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.