Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30 sentyabr 2024 | 16:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Qeyd edək ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Aşıq Ələsgər 1926-cı il martın 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olub.
Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında bildirib: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.”
Keçidlər