Şriftin ölçüsü :

Saytın rəngi :

“Pirəsora” qoyun cinsinin təqdimatı keçirilib

22 dekabr 2022 | 17:25
Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Qoyunçuluqda yeni mərhələ” adlı elmi-praktiki seminar və “Pirəsora” qoyun cinsinin təqdimatı keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev iştirak ediblər.
Təqdimatda çıxış edən natiqlər qeyd ediblər ki, heyvandarlıqda əsas prioritet istiqamətlərdən biri iribuynuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar cinslərin seleksiya yolu ilə əldə olunması və yerli cinslərin potensial məhsuldarlığının daha da yaxşılaşdırılmasıdır. Xüsusən, qoyunçuluğun intensiv inkişafı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən damazlıq-seleksiya işinin müasir texnologiyalar əsasında təşkili ilə bağlı layihəyə başlanılıb. Əsas məqsəd dünya heyvandarlığında səmərəli metodlar kimi qəbul edilmiş süni mayalandırma və süngərləmə üsulunu tətbiq etməklə, qoyunların məhsuldarlığının və balavermə qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.Həmçinin qeyd olundu ki, Yerli qoyun cinslərindən toxum alınması və onların genbankının yaradılması da nəzərdə tutulur.
Daha sonra çıxış edən “Pirəsora cinsinin yetişdirilməsi üzrə damazlıq reproduktor qoyunçuluq təsərrüfatının” rəhbəri Pənah Hüseynov bildirdi ki, Yeni qoyun cinsinin yaradılması üzərində işlərə ötən əsrin 70-ci illərində Lerik rayon Pirəsora kəndində xalq seleksiyası yolu ilə başlanılıb. 4 cinsin mələzlərinin çarpazlaşdırılması yolu ilə alınan qoyun sortu “Pirəsora” adlandırılıb. Yüksək yağ, yun və ətvermə qabiliyyətinə malik cins dağ və dağətəyi yerlər, həmçinin aran zonasına yaxşı adaptasiya olur. 100 anaya 130-a yaxın bala vermə potensialı var.
Seminarda AMEA-nın Genetik Etiyyatlar İnstitutunun "Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyyatları" laboratoriyasının müdiri Saleh Məhərrəmov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Elm şöbəsinin müdiri Yasin Gözəlov, Baytarlıq Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Mirzəmməd Həsənov mövzu ətrafında təqdimatlarla çıxış etiblər.
Sonda müəlliflərə şəhadətnamələr təqdim edilib, fermerlərin sualları cavablandırarılıb və “Pirəsora” qoyun cinsinə baxış keçirilib.
Keçidlər