Peşə Təhsili üzrə Dövlət Agentliyinin Göygöl Peşə Məktəbində “Açıq qapı” tədbiri keçirilib
24 may 2024 | 10:15
Tədbir Dövlət Himninin sədaları ilə açıq elan olunub, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyət başçısının müavini Kəmalə İbrahimova, qərb regionunda yerləşən Peşə Təhsil Mərkəzlərinin rəhbərləri, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Cəfər Cəfərov, QƏQİB-in Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Yeni Azərbaycan Partiyasının, rayon təhsil sektorunun nümayəndələri, rayon ictimaiyyətinin üzvləri, məktəbin veteran tələbələri və uğurlu məzunları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Kəmalə Nəhmədova erkən yaşlarda peşə seçimi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının, şagirdlərin və valideynlərin bu sahədə baş verən yeniliklər haqqında məlumatlandırılmasının olduqca vacib olduğunu qeyd edib.
Daha sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova çıxış edərək, gənclərin rayonda peşə təhsilinə olan marağından söhbət açıb, dövlət səviyyəsində peşə təhsilinin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Çıxış edən digər natiqlər də peşə təhsili alan tələbələrin cəmiyyətdə önəmli yerə sahib olduğunu, ölkəmizdə ixtisaslı mütəxəssislərə tələbatın olmasını vurğulayıblar.
“Açıq qapı” tədbiri zamanı müəssisədə tələbələrin əl işləri ilə yaxından tanış olan şagirdlər daha sonra bərbər, qrimçi ixtisasları üzrə təşkil olunmuş ustad dərslərini izləyiblər. Ustad dərslərində məktəbin usta və müəllimlərinin köməyi ilə şagirdlər də iştirak ediblər. Kostyum ustası və dərzi, səhnə kostyumları üzrə dərzi ixtisaslarında təhsil alan tələbələrin birgə hazırladığı nağıl qəhrəmanları və fantastik obrazlar gələn qonaqların marağına səbəb olub. Həmçinin məktəbin fərqlənən müəllimləri təltif olunublar.