Növbəti səyyar görüş Göygöl rayonu Mollacəlilli kənd sakinləri ilə keçirib
24 yanvar 2024 | 14:53
Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən rayonun Mollacəlilli kəndində keçirilən səyyar görüşdə Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakini dinləyən Rayon İcra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin yuxarı hissəsinin və yeni yaşayış massivinin qazlaşdırılması, kəndə gələn mərkəzi yolun asfaltlaşdırılması, kənd tam orta məktəbi üçün idman zalının tikilməsi, Gəncə çayından qapalı boru ilə kəndə çəkilmiş su xəttinin müəyyən hissəsinin yenilənməsi, vətəndaşın evinə elektrik sayğacının quraşdırılması, həyətyanı torpaq sahəsi ilə təmin olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.