Meşə yanğınları ilə bağlı əhaliyə müraciət edilib
05 iyul 2024 | 13:44
Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırıblar.
Ölkəmizə, həmçinin insanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməmək, bu ərazilərdə tonqal qalamamaq, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmamaq, küləkli havada xüsusilə diqqətli olmaq, kiçik yanğın ocağı gördükdə, su, torpaq və ya qum ilə onu söndürmək tövsiyə olunub. Yanğın, yaxud onun əlamətlərini aşkarladıqda bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilməsi bildirilib.