Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti görüş Göygöl rayon Aşıq Şəmşir adına Uşaq musiqi məktəbində baş tutub

17 aprel 2025 | 15:55
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiyamızın əhəmiyyəti və onun ölkənin hüquqi sistemindəki rolu” mövzusunda keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Göygöl rayon Mədəniyyət Mərkəzinin, Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə tədbiri açıq elan edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk-yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur. Bu məqsədlə keçirilən silsilə tədbirlər Konstitusiyamızın daha dərindən öyrənilməsinə xidmət edir.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev çıxışında qeyd edib ki, qürurverici haldır ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 Günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatlarında bütün torpaqlarımız erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.
Musiqi məktəbinin direktoru Nuranə Quliyeva çıxışında vurğulayıb ki, hər birimiz Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, dövlət və cəmiyyət qarşısında məsuliyyətimizi dərk etməli və üzərimizə düşən vəzifələri yerinə yetirməliyik.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə Cəfərova vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar nəticəsində qəbul edilən Konstitusiyamız dövlət, cəmiyyət, vətəndaş arasındakı münasibətləri tənzimləyən ən ali qanundur, qanunvericilik sisteminin əsasıdır.
Sonda mövzu ətrafında diskussiya aparıldı və Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin şagirdlərinin uğurlarından, gələcək tədbirlərdən, qarşıya qoyulan məqsədlərdən bəhs edildi.
Keçidlər