“Konstitusiya və suverenlik ili” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə baş tutub
24 aprel 2025 | 18:10
“Göygöl Kitab Marafonu” layihəsi çərçivəsində təşkil olunmuş bilik yarışında ATİAHİ-nin Göygöl Rayon Komitəsinin, Göygöl rayonu üzrə təhsil sektorunun, Göygöl rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açıq elan edildi. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəsi Vüsal Rzayev, ATİAHİ-nin Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev çıxış edərək 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün təsis olunmasından ətraflı məlumat verərək, şagirdlərə kitab oxumağın onların hərtərəfli inkişafında xüsusi rolu olduğunu və buna görə də kitablarla dost olmağı tövsiyə etdilər. Layihə rəhbəri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə Cəfərova bildirdi ki, layihənin əsas məqsədi Göygöl rayonunda gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə çalışmaq, onlarda düşüncə bacarıqlarını zənginləşdirmək, həmçinin kitab oxuma mədəniyyətini təbliğ etmək və mütaliəyə marağın artırılması ilə onların zərərli vərdişlərdən uzaqlaşmasına nail olmaqdır. Layihəyə fevral ayında start verilib. Şəhər məktəblərinin 8-ci sinif şagirdlərinə oxumaq üçün Azərbaycan və dünya ədəbiyyatından əsərlər təqdim olunub. Yarış verilmiş əsərlərdən hazırlanmış suallar əsasında iki mərhələdə keçirildi. Mərhələlər arası fasilədə Yeni Qızılca kənd orta məktəbinin şagirdləri əsərlərdən hazırlanmış maraqlı səhnəciklərlə çıxış etdilər. Yarışda Göygöl şəhər 5 nömrəli orta məktəb birinci yerə, Göygöl şəhər 3 nömrəli orta məktəb ikinci yerə, Göygöl rayon Texniki və təbiət fənləri təmayüllü lisey isə üçüncü yerə layiq görüldü. Sonda qalib gələn komandalara kubok, diplomlar və medallar təqdim edildi.