Kəskin hava şəraiti ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyasının növbədənkənar yığıncağı keçirildi
15 aprel 2025 | 19:30
Rayonun ən çox subasma hadisəsi ehtimal olunan Topalhəsənli kəndində baş tutan görüşdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və kənd sakinləri iştirak etmişdir. Yığıncaqda çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Arzu Qocayev diqqətə çatdırdı ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Rayon FHK-nin sədri Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq etdiyini, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırdığını qeyd etdi.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları və komissiyanın digər üzvləri də çıxış edərək kənd sakinlərini fövqəladə vəziyyətlərdə davranış qaydaları və qabaqlayıcı tədbirlər barədə məlumatlandırdılar
Qeyd olunan vəziyyətlə əlaqədar rayonun xidmət təşkilatlarının ərazi mülki müdafiə qüvvələrinə yüksəldilmiş iş rejimi elan olunmuş, texnika və avadanlıqlar hazır vəziyyətə gətirilmişdir. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən növbətçilik təşkil edilmiş və məlumatların operativ qəbul edilməsi məqsədilə qaynar xətt yaradılmışdır (022-205-30-64).