”İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanan Lətifə Mirzəyeva
15 may 2023 | 09:16
Lətifə Mirzəyeva 1952-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. 1958-1968-ci illərdə orta təhsilini başa vurmuşdur. 1968-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) riyaziyyat fakültəsinə daxil olub. 1972-ci ildə həmin institutu bitirib. Həmin vaxtdan bu günə kimi Göygöl şəhər 4 saylı tam orta məktəbdə riyaziyyat fənnini tədris edir.
18.08.1987-ci ildə Respublika Təhsil Nazirliyinin 275 saylı əmri ilə “Metodist müəllim” adına layiq görülmüşdür. 1989-cu ildə Gəncə Müəllimləri Təkmilləşdirmə İnstitutunun təşkil etdiyi “Dərsdə texniki vasitələrdən istifadə qaydaları” haqqında ixtisasartırma kursuna rəhbərlik etmişdir. 2002-2003-cu dərs ilində məktəbdaxili müsabiqədə “İlin müəllimi” adına layiq görülmüşdür. “Təhsildə yüksək müvəffəqiyyətə görə” mütəmadi olaraq Rayon Təhsil şöbəsinin və Rayon İcra Hakimiyyətinin “Fəxri fərman”ları ilə təltif olunub. 04.10.2007-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1029 saylı əmri ilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub. 22 sentyabr 2008-ci il tarixdə keçirilən Azərbaycan müəllimlərinin XIII qurultayına nümayəndə seçilib. 25.09.2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 3062 saylı Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layıq görülmüşdür.
Peşəkar müəllimə iş fəaliyyətində uğurlar diləyib, həvəslə, böyük zəhmətlə əldə etdiyi nailiyyətlərinin davamını arzu edirik.