”İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanan Dilarə Qazıyeva
Qazıyeva Dilarə Halay qızı 1963-cü il, mart ayının 12-də Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1982-ci ildə H.Zərdabi adına KDPİ-nin (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olub, 1986-cı ildə universiteti fərqlənmə ilə bitirib. 1988-1989-cu tədris ilində Göygöl şəhər 2 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq müəllimlik fəaliyyətinə başlayıb. 1994-1998-ci illərdə həmin məktəbdə dərs hissə müdiri olaraq çalışıbdır. Dilarə müəllimə 1998-ci ildən indiyədək Göygöl şəhər 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərir. Fəaliyyəti dövründə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Göygöl rayon İcra hakimiyyəti və Göygöl rayon Təhsil şöbəsi tərəfindən dəfələrlə fəxri fərman və sertifikatlarla təltif edilmişdir. Dilarə müəllimə müəllimlik fəaliyyəti dövründə bir çox uğurlar qazanmışdır.”İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanan müəllimə işinin peşəkarı olmaqla yanaşı , peşəsinə olan sevgisi ilə hər kəsin rəğbətini qazanmışdır. Dilarə müəllimənin şagirdlərinin müəllimlərində olan bu sevgiyə güvənərək əksəriyyəti dünyanın ən şərəfli peşəsi olan müəllimlik sənətini seçir. Peşəkar müəllimə “Ana-dili sərkərdədir”, “Kurikulum hansı zərurətdən yarandı”, “Müəllimlik böyük şərəfdir”, “Şagirdlərim mənim sevincimdir”, ”Dünyaya ikinci dəfə gəlsəm yenə müəllim sənətini seçərdim”, “İnsan fitrətən müəllim olmalıdır” kimi elmi məqalələrinin müəllifidir. Fəaliyyəti hər zaman diqqət mərkəzində olan Dilarə müəllimə aşağıdakı mükafatlarla təltif olunubdur. 1. 2001-ci ilin aprel ayında Respublika pedaqoji mühazirəsində “ Şagirdlərin meyl və maraqlarının müəyyənləşdirilməsində sinifdənxaric tədbirlərin rolu” mövzusunda məruzə edib və təhsil Nazirliyi tərəfindən II dərəcəli diplom alıbdır. 2. 2001-ci ilin may ayında “İlin ən yaxşı müəllimi” müsabiqəsində II dərəcəli diplomla təltif olunub. 3. 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 1033 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib. 4. 2008-ci tədris ilində “Ən yaxşı 100 müəllim” müsabiqəsində yüksək nəticə göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə mükafatlandırılmışdır. Dilarə müəllimin şagirdləri hazırda Azərbaycan və xarici ölkələrin sayılıb seçilən universitetlərində təhsillərini davam etdirir və dövlət orqanlarında fəaliyyət göstərməklə vətənimizə xidmət edirlər. Peşəkar müəllimə iş fəaliyyətində uğurlar diləyib, həvəslə, böyük zəhmətlə əldə etdiyi nailiyyətlərinin davamını arzu edirik.