II Milli Yaylaq Festivalı Göygöl rayonunda təşkil olunacaq
”Milli Yaylaq Festivalı” - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. “Milli Yaylaq Festivalı” həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır.
II Milli Yaylaq Festivalı 29-31 iyul 2022-ci il tarixlərdə Göygöl rayonun Sarıyal nahiyəsində yerləşən “Xan yurdu” yaylağında təşkil olunacaqdır. Layihənin təşkilatçıları “Cavad Xan” Tarix Mədəniyyət Fondu və “KAP.AZ” MMC Fərqli Turizm cəmiyyətidir. Layihənin tərəfdaşları – Azərbaycan Respblikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Göygöl rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Turkish Airlines” Türkiyə Hava Yolları, UNDP, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi TİKA, World Etnosport Confederation kimi qurumlardır.
Festival məkanında milli mədəniyyətimizin canlandırılması - tədbirin bədii hissəsinin, ümumi mədəni proqramın, açılış və bağlanış mərasimlərinin təşkili, oyun və konsert səhnələrinin quraşdırılması Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
El şənliyi formatında düşünülən Milli Yaylaq Festivalı genişmiqyaslı etnoqrafik-mədəni-idman tədbiri qismində düzənlənəcək. Gənclər və İdman Nazirliyi II Milli Yaylaq Festivalının ən önəmli və aktiv tərəfdaşlarından biridir.
Layihənin media tərəfdaşları – AZTV, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, İRS, AZERBAİJANAİRLİNES-dir.
Layihəyə hazırlıq işləri 2 aydan artıq müddətdir ki davam edir. Etno-qəsəbədə dron görünüşü ilə 2 buta formasını yaradacaq 23 ədəd alaçıq qurulmuşdur ki, həmin alaçıqlarda festival müddətində festivala töhvə verənlər və könüllülər qalacaq, festivaldan sonrakı müddətdə isə il sonunadək turistlər yararlana biləcəklər. Bir alaçıq 12-14 nəfər üçün uyğundur.
Hal-hazırda festivalın təşkilinə 250 nəfər könüllü cəlb edilmişdir.
Festivala 22 ölkədən rəsmi qonaq və turistlərin dəvəti və iştirakı planlaşdırlır.
Etno-qəsəbədə 30 tematik sahə qurulur. Bunlara aiddir: səkkizguşəli ulduz formasında səhnə, tamaşalar səhnəsi, Cıdır Meydanı, Yaylaq Bazarı, AZE - İdman və “Sağlam Həyat” sahəsi, Sənətkarlıq guşəsi (burada yerli və xarici sənətkarların əl işləri satışa çıxarılacaqdır), "Dədə Yedyar" ocağı (Aşıqlar məkanı), Zorxana yarışları meydanı, xalq rəqsləri, Nərd yarışı, "TURAN" etnoqrafik folklor ansamblı (Qazaxstan), "Öz Yurdunu Qur" sahəsi, "Etnospor oxçuluq ərazisi" və.s