İcra hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Göyçəkənd kəndində səyyar qəbul keçirib
20 sentyabr 2023 | 17:53
Göygöl rayonu Göyçəkənd kənd mədəniyyət evində keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup kənd sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Göyçəkənd kəndinin tam qazlaşdırılması, kəndin sürətli internetlə təmin olunması, qəzalı vəziyyətdə olan elektrik dayağının dəyişdirilməsi, kəndə gələn mərkəzi yolun asfaltlanması, pay torpaqlarına gedən yolun təmir olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.