İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Çaykənd kəndində vətəndaşlarla səyyar görüş keçirib
14 dekabr 2022 | 10:15
13 dekabr 2022-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Çaykənd kənd mədəniyyət evində kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin ərazisindən keçən Kürəkçay çayının üzərindəki körpünün cari təmiri, məktəbə çəkilmiş içməli su xəttinin bərpası, Çaykənd və Toğanalı kəndlərini birləşdirən yolun təmir olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.