İcra hakimiyyətinin başçısı Elvin Paşayev fermerlərlə görüş keçirib
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri ilə görüşüb. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda təşkil olunan görüşdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Respublika Süni Mayalanma Mərkəzinin əməkdaşları, KOBİA-nın yerli nümayəndəsi və yerli fermerlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə heyvandarlıq məhsullarından, cins qoyun və keçilərdən və heyvandarlıqda istifadə olunan kənd təsərrüfatı texnikalarından ibarət sərgi ilə tanış olublar. Görüşdə heyvandarlığın inkişafı ilə bağlı rayonda həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin problemləri dinlənilib. Müzakirələr əsasən, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, fermerlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb. Müzakirələr zamanı örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ətrafında da fikir mübadiləsi aparılıb, heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub.