Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib
28 aprel 2023 | 19:22
Göygöl Rayon İcra hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının dəstəyi və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Aqrar İnkişafda Heydər Əliyev irsi” adlı elmi praktiki konfrans keçirilib.
Konfransda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov, Azərbaycan Texnologiya Universitetinin "Qida mühəndisliyi" fakültəsinin dekanı Mehman İsmayılov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müdiri Azad Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının əməkdaşı Elgün Aslanov iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilərək tədbir açıq elan olunub.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev giriş nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən və ölkəmizdə kənd təsərrüfatının inkişafındakı misilsiz xidmətlərindən bəhs etmişdir.
Sonra Göygöl Rayon İcra hakimiyyəti başçısının müavini Arzu Qocayev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop , YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və digər qonaqlar çıxış etmişdir. Bütün çıxış nə nitqlərdə Azərbaycan xalqının xilaskarı kimi tarixdə dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılmış, Ulu Öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasını yaratmaqla bugünkü qüdrətli, qalib Azərbaycan dövlətinin təməlini qoyduğu diqqətə çatdırılmış, yeni tariximizin dünəninə görə Ulu Öndər Heydər Əliyevə hörmət və ehtiram ifadə olunmuş, bugünkü sosial-iqtisadi inkişafa, xalq üçün yaradılmış rəvan və məmnun həyat şəraitinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıq bildirilmiş, xalqın xoşbəxt gələcəyinə hədəflənmiş dövlət siyasətinə böyük ümidlərlə baxıldığı qeyd olunmuşdur.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Videoçarx nümayiş olunmuş, gənc ifaçı İsmət Sabirlinin ifasında “Sən elə bir zirvəsən” mahnısı səsləndirilmişdir.