Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

01 fevral 2023 | 11:35
2 fevral – Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının birgə təşkilatçılığı ilə  dəyirmi masa keçirilib. Göygöl rayon Heydər Əliyev Mərkəzində təşkil olunan dəyirmi masada  Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Rayon Təhsil sektorunun müdiri Elnur Qasımov, rayon gəncləri, gənclər təşkilatlarının və QHT-lərin  nümayəndələri iştirak ediblər.
Dəyirmi masada əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Ulu öndərin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdir. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olmuşdur. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir. Ümummilli Lider böyük dövlətçi, siyasi xadim və dahi şəxsiyyət olaraq dağılmış, talan edilmiş, viran qoyulmuş, yalnız adı müstəqil respublika olan Azərbaycanı ayağa qaldırdı. Heydər Əliyev nəinki ölkənin müstəqilliyini qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verdi, Azərbaycanı dünyaya açdı. Böyük Öndərin hakimiyyətə qayıdışı ilə həyatın bütün sahələrində köklü dəyişikliklərə, islahatlara start verildi. Ümummilli Lider müharibəni səngərlərdən diplomatiya müstəvisinə keçirməklə həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi.
Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu. Bundan sonra dövlət strukturları Konstitusiya ilə üzərilərinə qoyulan vəzifələri həyata keçirməyə başladı. Azərbaycan dövləti və cəmiyyətinin idarə olunması beynəlxalq, bəşəri, sivil prinsiplərə istiqamətləndirildi, ölkəmiz hüquqi-demokratik dövlət quruculuğu yolunda inamla addımlamağa başladı. Eyni zamanda, Konstitusiyanın qəbulu ilə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının dövlət strukturu deyil, məhz aşağıdan gələn təşəbbüskarlığın ümumi ifadəçisi olması, müstəqil qurum kimi formalaşması, Azərbaycanın milli maraqlarının qorunması sahəsində də əlavə imkanlar açıldı.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Keçidlər