“Həyatını sağlam yaşa” və “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirmə tədbirləri keçirilib
Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər arasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə bir dövlət siyasətidir. Cəmiyyətdə ağ ölüm kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Silah, insan alveri, orqanların transferi, təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlası bu gün beynəlxalq problemdir. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir.
25 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” tərəfindən tərtib olunmuş tədbirlər planının icrası ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl Gənclər evi SXM birgə təşkilatçılığı ilə idmançılar və məktəblilərin iştirakı ilə Göygöl rayon Gənclər evində baş tutmuş “Həyatını sağlam yaşa” gimnastik aksiya və “Zərərli vərdişlərə yox deyək” maarifləndirmə tədbirləridir. Tədbir zamanı sağlam həyat tərzi təbliğ olunub və uşaqları zərərli vərdişlərdən uzaq durmaq və bu vərdişlərin hansı fəsadlar yaratdığı barədə psixoloji söhbətlər aparılıb.