Göygölün qonaq-qaralı günləri yenidən başlayacaq
03 aprel 2023 | 16:19
Qədim adət-ənənələri özündə birləşdirən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra bütün sahələrdə olduğu kimi, turizmin inkişafına da diqqətlə yanaşılır. O cümlədən kənd turizminin inkişafı üçün şəraiti olan bölgələrimizdə bu sahədə uğurlu addımlar atılır.
Əhalinin əlavə gəlir yeri olan kənd turizminin inkişafı həm də xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin, eləcə də tarixi abidələrimizin tanıdılmasında mühüm rol oynayır.
Ölkəmizdə kənd turizminin yayıldığı bölgələrdən biri də Göygöl rayonudur. Təbii mənzərəsinə, flora və faunasının zənginliyinə görə seçilən rayonda həm də çoxlu sayda tarixi abidə var. Hazırda burada 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidəsi mövcuddur ki, onlardan 8-i kurqan, nekropol, digərləri bina və körpülərdir. Göygöl şəhərində isə 1854-cü ildə alman kolonistləri tərəfindən tikilmiş "Lüteran" kilsəsi, XVI əsrə aid ikitağlı körpü, XII əsrə aid Ağ körpü, Qabriel kilsəsi, Anahid Məbədi və Müqəddəs Məryəm kilsəsi, tarixi məlum olmayan Qız qalası, bundan başqa, Dəmir dövrünə aid kurqanlar və Tunc dövrünə aid qəbirlər var.
Onu da qeyd edək ki, son illər rayonda aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri, o sıradan kəndlərdə həyata keçirilən infrastruktur layihələri kənd turizminin inkişafı üçün geniş imkanlar açmışdır.
39 kəndi olan rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Lakin son illər kənd camaatı əsas işləri ilə yanaşı, turizmdən də xeyli gəlir götürür. Ən ucqar kəndlərə belə abad yolların çəkilməsi, qaz, su və enerji təchizatında problemlərin olmaması istər yerli, istərsə də xarici turistlərin kəndlərə üz tutmalarına səbəb olub. Kəndlilər isə evlərini qonaqlara kirayə verməklə yanaşı, onlara müxtəlif xidmətlər də göstərirlər. Məsələn, qonaqların istəyi ilə onları ekoloji cəhətdən təmiz meyvə-tərəvəz və digər ərzaq məhsulları ilə təmin edirlər. Yəqin buna görədir ki, hətta xarici turistlər də istirahətlərini Göygöldə keçirməyə üstünlük verirlər. Onların arasında Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, Yaponiya, İsveçrə, Rumıniyadan gələn turistlər də olur.
Hər il qapılarını turistlərin üzünə açan kənd sakinləri kirayə verdikləri evlərdə mövsümqabağı təmir və abadlıq işləri aparır, qonaqların məmnunluğunu təmin etmək üçün səliqə-sahman yaradırlar. Artıq turist mövsümünün yaxınlaşması ilə əlaqədar kəndlərdə abadlıq işlərinə başlanılmışdır. Ən çox Göygöl Milli Parkına yaxın ərazilərdə yerləşən kəndlərdə - Aşıqlı, Yeni Zod, Toğanalı, Topalhəsənli, Mixaylovka, Şəhriyar və digərlərində yay mövsümünə ciddi hazırlıq işləri görülür.
Yay aylarında ən çox turist qəbul edən kəndlərdən biri də Aşıqlıdır. Gəncədən cəmi 10 kilometr məsafədə yerləşən kənddə turistlərin rahat istirahət etmələri üçün hər cür şərait var. Geniş və rahat avtomobil yolu boyunca bişirilən təndir çörəyinin ətrindən tutmuş yaxın ərazilərdən yığılmış şəfaverici otların və dərman bitkilərinin, eləcə də müxtəlif meyvələrin ətrinəcən burada hər şey sanki qonağa hesablanıb. 2400 nəfərə yaxın sakini olan kənddə 450-dən artıq ev var. Kənd Hacıkənd və Göygölə gedən yolun üstündə yerləşdiyindən turistlər burada qalmağa daha çox maraq göstərirlər. Odur ki, kənd sakinləri hər il istər yerli, istərsə də xarici turist sarıdan korluq çəkmir.
Kənd sakini Pərvanə Əliyeva feyir ki, hər il onlarca turist qəbul edir. Bunun üçün hər cür şəraiti var. Həyətində inşa etdirdiyi ikinci ev imkan verir ki, eyni vaxtda 25 turisti qəbul etsin. Kəndin digər sakini İkram Məmmədovun da hər il yay mövsümündə çoxlu qonağı olur. Həyətində əlavə 4 otaq da tikdirib. Həmin hesaba eyni vaxtda 60-70 turisti qonaq edə bilir.
Yaşıl meşələr qoynunda yerləşən Köşkü kəndi də təbiəti və bulaqları ilə turistlərin marağına səbəb olur. Qeyd edək ki, bu ərazidə müalicəvi "Nurud" suyu da çıxır. Göygölə yaxın olan Çaykənd və Toğanalı kəndləri də qonaqların daha çox üz tutduqları kəndlərdir. Hər iki kəndin ərazisində çoxsaylı ictimai iaşə obyektlərinin olması turistlərə imkan verir ki, yerli mətbəxin yeməklərindən dadsınlar. Çaykənd sakini Elmir Rəcəbov deyir ki, hər il evində onlarca turist saxlayır. Ailə üzvləri qonaqlara xüsusi qayğıkeşliklə yanaşırlar. Yeməklərinə, içməklərinə, eləcə də gəzintilərinə diqqət göstərirlər.
Toğanalı kəndi də Göygölün yaxınlığındadır. Kənddən Kəlbəcərə ikinci yol çəkildikdən sonra kəndə maraq xeyli artmışdır. Kəndi iki yerə ayıran çayın səsi isə burada dincələnlərə ayrı zövq verir.
Hazırda rayonda turizm mövsümünə hazırlıq işlərinin qızğın vaxtıdır. Bu işdə Göygöl Rayon İcra Hakimiyyəti sakinlərə və iş adamlarına hər cür dəstək verir. Kənd sakinləri isə turistlərdə məmnunluq yaratmaq və onların istirahətlərinin yaddaqalan keçməsi üçün indidən əllərindən gələni edirlər.
Mənbə: Sabir ƏLİYEV,
"Azərbaycan" qəzeti