Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə xarici mütəxəssislərin iştirakı ilə interaktiv seminar keçirilib

04 avqust 2022 | 16:51

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, “DeLaval” şirkəti və “4S” MMC-nin birgə təşkilatçılığı ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Modern ferma modeli” mövzusunda interaktiv seminar keçirilib. Tədbirdə institutun direktoru Mahir Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində aqrar sektorun bütün sahələrində ciddi irəliləyişə nail olunmuş, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən heyvan mənşəli məhsulların istehsal həcmi artmış, daxili istehsalda artım dinamikası qorunub saxlanılmaqla əksər məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlmişdir. Bununla belə, hazırda ölkədə istehsal olunan heyvan mənşəli məhsulların həcmi daxili tələbatı tam ödəmək üçün yetərli deyildir. Ötən illərdə heyvandarlıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilmiş, heyvanların yemlənməsində daha çox kəndətrafı örüş və otlaq sahələrinə, başqa sözlə təbii yemləməyə üstünlük verilmişdir. Belə təsərrüfatçılıq fəaliyyəti sahədə məhsuldarlığın artırılmasına və damazlıq işinin səmərəli təşkilinə mənfi təsir göstərmiş, heyvan cinslərinin cırlaşmasına və genetik potensialının aşağı düşməsinə səbəb olmuşdur. Hazırda heyvanların məhsuldarlığının yüksəldilməsi, yemləmə və saxlama şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün intensiv ferma modelinin tətbiqinin genişləndirilməsinə və heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq işinin təkmilləşdirilməsinə və damazlıq heyvanların sayının artırılmasına ehtiyac vardır.
Tədbirdə çıxış edən “4S” MMC-nin texniki direktoru Aqşin Ağayev, KOBİA-nın Göygöl rayon nümayəndəsi Orxan Əhmədov çıxışlarında bildirdilər ki, fermerlərin təsərrüfatlarında qarşılaşdığı problemlərin, eyni zamanda beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasında bu tip interaktiv təlimlərin əhəmiyyəti böyükdür.
Sonra Rusiya Federasiyasından dəvət olunmuş mütəxəssislər – “DeLaval” şirkətinin aparıcı meneceri, konsultant Aleksey Lyubayev və şirkətin əlaqəli məhsullar üzrə regional satış meneceri Aleksandr Bezmelnitsin südlük istiqamətli maldarlığın mövcud vəziyyəti, fermer və sahibkarların qarşılaşdıqları əsas problemlər, müasir fermanın ideal modeli, sağım prosesi və protokolları, sağım üsulları və avadanlıqları, innovativ texnologiyaların bu seqmentə tətbiq edilməsi və onun qazandırdığı üstünlüklər, qeyri-düzgün sağım prosedurunun meydana gətirdiyi problemlər və onların həlli yolları mövzularında zəngin təqdimat və məruzələrlə çıxış ediblər.
Tədbirdə müxtəlif rayonların DAİM nümayəndələri, baytar-həkimlər, zootexniklər, fermer və sahibkarlar iştirak edib. Seminar interaktiv formada, fəal diskussiya və sual-cavab şəraitində baş tutub.
Sonda seminar iştirakçıları sertifikatla təltif ediliblər.

http://heti.az/xeberler/677-goygold-xarici-mutxssislrin-itirak-il-interatktiv-seminar-kecirilib.html

Keçidlər