Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Xalqın gücü onun birliyində, həmrəyliyindədir” mövzusunda dəyirmi masa keçirilib

31 dekabr 2023 | 15:29
“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində, İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Xalqın gücü onun birliyində, həmrəyliyindədir” mövzusunda dəyirmi masa keçirilib. Göygöl rayon Gənclər Evində keçirilən tədbirdə Göygöl Rayon İHB-nın müavini Kəmalə İbrahimova, məktəb rəhbərləri, YAP fəalları, ziyalılar, qazilər və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ilə bağlı videoçarx təqdim olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Kəmalə İbrahimova bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Tədbirdə mövzu ilə bağlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hüseyn Məhərrəmli, Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin tarix müəllimi Şəfa Rüstəmova və Göygöl Gənclər Evinin metodisti Gülmira Əbdülkərimova geniş məruzə ilə çıxış ediblər. Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Keçidlər