Göygöldə “Uşaq hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilib
27 oktyabr 2023 | 18:10
Göygöl Rayon İcra hakimiyyətinin və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları Aylığı” çərçivəsində Göygöl Gənclər Evində şagirdlərin iştirakı ilə “İnformasiya əldə etmək hüququ və zərərli informasiyalardan qorunmağın əhəmiyyəti” mövzusunda hüquqi-maarifləndirici dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə çıxış edən Göygöl Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova mövzunun əhəmiyyətini vurğulayaraq uşaq hüquqlarının müdafiəsi sahəsində Göygöl rayonunda müntəzəm olaraq maarifləndici tədbirlərin keçirildiyini qeyd etmiş, Ombudsman tərəfindən elan olunmuş Uşaq hüquqları Aylığının bu istiqamətdə görülən işlərə önəmli töhfələr verdiyini bildirmişdir.
Dəyirmi masada çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirakçılara BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası, Uşaq hüquqları haqqında və Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunları barədə məlumatlar vermiş, uşaqların fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan zərərli informasiyalardan qorunmalarının əhəmiyyətini, həmin zərərli informasiyaların növlərini diqqətə çatdırmışdır.
Tədbirdə həmçinin Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin, Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının nümayəndələri də çıxış edərək uşaqların zərərli, dini radikal təmayüllü informasiyadan qorunmalarının vacibliyini vurğulamışlar.