Göygöldə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub
28 dekabr 2022 | 11:01
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə bayram şənliyi keçirilib. Göygöl rayon ərazisində yerləşən “Mayıl” şənlik evində keçirilən bayram tədbirində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun Hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin Göygöl rayon şöbəsinin sədri və üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu çıxış edərək uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıblar. Şəhid ailələri və qazilər göstərilən həssas münasibətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bayram şənliyində Şaxta baba və Qar qız uşaqları əyləndirib, onlara xoş dəqiqələr bəxş edib, həmçinin hədiyyələrlə sevindirib. Sonra təqdim olunan nağıl personajlarının çıxışları şənliyinə rəngarənglik qatıb. Tədbir şən musiqilərin əhəngi ilə davam edib və cəngi sədaları altında başa çatıb.