Göygöldə “Moruq təsərrüfatlarında mövcud vəziyyət, dövlət dəstəyi və inkişaf perspektivləri” ilə bağlı müzakirələr aparılıb
24 yanvar 2023 | 16:02
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində “Moruq təsərrüfatlarında mövcud vəziyyət, dövlət dəstəyi və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin aparıcı məsləhətçisi İbrahim Zulbalayev, Şamaxı Üzüm Tingçilik Mərkəzinin mühəndisi Hasan Tahsin Sevinç və yerli fermerlər iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən moruqçuluğun inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Tədbirdə keyfiyyətli moruq tinglərinin istifadəsinin əhəmiyyəti, yeni moruq sortları, aqrotexniki və aqrokimyəvi qulluq işləri ilə bağlı fermerlərə maarifləndirici məlumatlar verilib. Daha sonra Göygöl rayonunda moruq təsərrüfatlarının inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Müzakirələrin sonunda bu formatda görüşlərin davamlı olacağı, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı nəzərə çatdırılıb.