Göygöldə Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
05 may 2023 | 14:26
Göygöl Rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Göygöl rayon Mədəniyyət Mərkəzində görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyev, Mir Cəlal Paşayevin Gəncə şəhərindəki ev muzeyinin direktoru İradə Ibayeva, yazıçı və şairlər, rayon ziyalıları iştirak edib.
Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında Mir Cəlalın Paşayevin zəngin həyat və fəaliyyəti haqqında danışıb, görkəmli yazıçı, ictimai və elm xadimi, qayğıkeş ata, xeyirxah insan, milli dəyərləri təbliğ və tərənnüm edən aydın kimi xarakterik özəlliklərini vurğulayıb. O, Mir Cəlal ömrünü gənc aydınlar, yazıçılar, alimlər üçün örnək ömür adlandırıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçı İnqilab İsaq çıxışında Mir Cəlal Paşayevin əsərlərində həqiqətə və milli düşüncəyə, milli özünüdərkə söykənən ideyalar ətrafında danışarkən ədibin yaradıcılığında millilik və azərbaycançılıq amilinin həmişə uca olduğunu xüsusilə vurğulayıb.
Digər natiqlər Mir Cəlal Paşayevin yaradıcılıq xüsusiyyətlərindən və onun insanpərvərliyindən geniş söz açaraq bildiriblər ki, Mir Cəlal Paşayev həm də, Azərbaycan ədəbiyyatşunaslığına böyük töhfələr bəxş edib. Qeyd olunub ki , Mir Cəlalın pedaqoji fəaliyyəti Azərbaycan ədəbiyyatına bir çox böyük yazıçı və şairlərin yetişməsinə səbəb olub. Qayğıkeş müəllim tələbələrinin və həmkarlarının yaddaşında xeyirxah və qayğıkeş insan kimi qalıb.
Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığı ilə bağlı videoçarx təqdim olunub, həmçinin tədbir iştirakçıları yazıçının bir neçə hekayəsini rayon məktəblilərinin dilindən dinləyiblər.