Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə ilk dəfə olaraq “Moruq Festivalı” keçirilir

15 sentyabr 2024 | 08:55
Tədbirdə çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov moruq festivalının məhz Göygöl rayonunda keçirilməsinin təsadüfi olmadığını deyib. Göygöl rayonunda giləmeyvəçiliyin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdıran Fuad Məmmədov əlavə edib ki, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi rayonun giləmeyvə üzrə ixtisaslaşmasına mühüm təsir göstərəcək, ilk dəfə keçirilən bu festival həm Göygöl rayonunun turizm və aqrar potensialının daha səmərəli istifadəsinə öz töhfəsinin verəcək.
Qeyd edək ki, Göygöl rayonunun Keşkü kəndində 3 ha ərazidə təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayiş olunub.
Həftəsonu hər gün 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünüb. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkib, müxtəlif dequstasiya tədbirlərində iştirak edib, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyiblər. Ziyarətçilər eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanıblar. Ərazidə xüsusi kampinq zonası da təşkil olunub.
Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və Polyana” sortlarını becərməyə üstünlük verirlər.
Moruq xalq təbabətində ən geniş istifadə olunan giləmeyvələrdən sayılır. Çay kimi dəmlənmiş meyvələr soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Giləmeyvənin 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı hesab olunur.
“Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verir.
İki gün davam edəcək festivalı hər gün ən azı 5 min insanın ziyarət edəcəyi gözlənilir.
Keçidlər