Göygöldə İcra Başçısı Mollacəlilli kəndində səyyar qəbul keçirib
Ölkə rəhbəri cənab İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə hər zaman vətəndaş amili dayanır.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Göygöl rayonunda olduğu kimi icra edilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə rayonun Mollacəlilli kəndində səyyar görüş keçirib.
Görüşdən əvvəl cənab Başçı Mollacəlilli kəndində Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə inşa edilmiş Xatirə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb.
Səyyar qəbul Mollacəlilli kənd tam orta məktəbdə keçirilib. Qəbul zamanı bir qrup kənd sakinlərini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin suya olan tələbatının ödənilməsi, Göygöl - Mollacəlilli yolunun təmiri, kəndətrafı zibilliklərin ləğv edilməsi və məişət tullantılarının texnika vasitəsi ilə gündəlik daşınmasının təşkil edilməsi, yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.