Göygöldə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı toplantı keçirilib
05 aprel 2023 | 12:00
Göygöl Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı toplantı keçirilib. Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisinin deputatları Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qeyd edib ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Rəhbər indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. İcra başçısı həmçinin Ulu Öndərin adı ilə bağlı olan ölkə həyatının bütün sahələrin paralel və dinamik inkişafının bu gündə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə milli intibahın təminatında başlıca vasitə sayılan, cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayan elm, təhsil və digər sahələrdəki islahatlarından ətraflı bəhs edib.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında bildirib ki, Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Çıxış edən digər natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyin əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğulayıblar. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.