Göygöldə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir
20 aprel 2023 | 10:31
Göygöl Rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı, Göygöl Uşaq və Ailələrə Dəstək mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Xalqa bağışlanmış ömür” başlığı altında Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Toplantı iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplantıda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Rəbiyə Ablayeva, şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Elnur Hacıyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.
Sonda rayon Mədəniyyət mərkəzinin və ümumtəhsil məktəb şagirdlərin Ulu Öndərə həsr olunmuş çıxışları təqdim olunub.