Göygöldə fermerlər üçün yeni xidmət mərkəzi istifadəyə verilib
27 oktyabr 2022 | 18:41
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi və rolu artmaqdadır. Bölgələrimizdə bu sahənin inkişafı istiqamətində icra olunan layihələr ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, ticari aktivliyin yüksəlməsinə, emal və istehsal müəssisələrinin artmasına, vətəndaşların iş yerləri ilə təmin olnmasına və beləliklə də bölgələrin sürətli inkişafına və dirçəlməsinə öz töhfəsini verir. Cənab prezident İlham Əliyevin 02 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş yeni “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyası dövlətin bölgələrdə maddi rifahın yüksəldilməsi, ölkədə rəqabət mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlbinin təşviq edilməsi istiqamətində səylərin artırılmasına kökləndiyini göstərir. Bölgələrdə aktiv istehsal, emal və xidmət mərkəzlərinin istifadəyə verilməsi də qeyd qeyd olunan məqsədyönlü ardıcıl inkişaf strategiyasının uğurlu nəticəsidir.
Bu cür özəl sektor təşəbbüslərindən biri də dünya miqyaslı kənd təsərrüfatı və inşaat texnikaları istehsalçısı olan New Holland şirkəti tərəfindən gerçəkləşdirilmişdir. Belə ki, 27 oktyabr 2022-ci il tarixində Göygöl rayonunda New Holland texnikalarının yeni satış və xidmət mərkəzinin təntənəli açılış tədbiri baş tutmuşdur. Tədbirdə Göygöl rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev və digər RİH nümayəndələri, New Holland şirkətinin təmsilçiləri, xidmət mərkəzinin rəhbər və işçi heyəti, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özəl sektora göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, rayonda biznes mühitinin inkişafı barədə danışmış və bu cür təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyini qeyd etmişdir. Daha sonra rayonun icra başçısı qırmızı lenti kəsərək, xidmət mərkəzini vətəndaşlar üçün açıq elan etmiş, bundan sonra tədbir iştirakçıları mərkəzin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
New Holland şirkətinin nümayəndələri Styuart Kempbell və Arda Levent öncə ölkədə özəl sektorun inkişafına və investisiya qoyuluşuna yaradılmış şəraitə, eləcə də rayon icra hakimiyyətinin bucür təşəbbüslərə dəstəyinə görə məmnunluq hissi duyduğunu bildirmiş və icra başçısına təşəkkür etmişdir. Sonra mərkəzin qapalı satış pavilyonunda 9 model və 11 modifikasiya üzrə təmsil olunan müasir və yüksək effektivliyə malik New Holland traktoru, həmçinin 2 modeldə taxılyığan komaynını icra başçısı və tədbir iştirakçılarına təqdim etmişdir. Texnikaların təqdimatından sonra tədbir iştirakçıları mərkəzin təlim salonu, kredit xidmətinin göstərilməsi ofisi, ehtiyyat hissələrinin satış zonası ilə tanış olmuşlar.
Qeyd edək ki, geniş ərazidə fəaliyyət göstərən mərkəz fermerlərə daha keyfiyyətli və sürətli şəkildə xidmət göstərilməsi məqsədilə fəaliyyətə başlayıb. Belə ki, New Holland markalı kənd təsərrüfatı texnikaları artıq bir neçə ildir ki, Azərbaycan fermerləri tərəfindən istifadə edilir. Yüzlərlə texnika ölkə fermerlərinin sınağından uğurla çıxmış, bu da öz növbəsində New Holland texnikalarına olan etibarı və marağı artıraraq, şirkət rəhbərliyi qarşısında yeni tələblər yaratmışdır. Beləliklə, New Holland şirkəti bu xidmət mərkəzini istifadəyə verməklə, fermerlərin texnika alışı, ehtiyyat hissələrin əldə edilməsi və s. məqsədlərlə bağlı fermerlərin tələblərini qarşılamağı hədəfləyir.
Xidmət mərkəzində həmçinin xüsusi təlim salonu təchiz edilmişdir ki, bu da fermer və mexanizatorların müasir, innovativ texnikaları daha düzgün və səmərəli istifadə edə bilmələri məqsədilə mütəmadi şəkildə təlimlərin və sertifikatlaşdırma proqramlarının təşkili üçün nəzərdə tutulub. Mexaniztorlar ehtiyyat hissələrinin satışı zonasında lazımi komplektləşdiriciləri əvvəlkindən daha qısa zaman çərçivəsində və daha rahat çəkildə əldə edə biləcəklər. Bundan başqa xidmət mərkəzində dövlət dəstəyi ilə xüsusi subsidiyalaşma mexanizminə əsasən texnikaların lizinq şərtləri ilə satışı da həyata keçirilir. Bu da fermerə imkan verir ki, satış mərkəzindən ayrılmadan, yerindəcə texnikanın lizinq şərtləri ilə alışını edə bilsin.
Mərkəzdə ilkin mərhələdə 10 daimi iş yeri açılmışdır ki, bu da bölgələrdə yeni iş yerlərinin yaradılması istiqamətində şirkətin töhfəsi kimi qiymətləndirilir. Mərkəz rəhbərliyinin verdiyi məlumata görə ölkə başçısı və rayon icra hakimiyyəti rəhbərliyinin şəhid ailələri, eləcədə Qarabağ müharibəsi veteranlarının maddi təminatı məsələləlrinə xüsusi qayğı və diqqət göstərməsi nəzərə alınaraq, işəgötürmə prosesində mütləq şəkildə müvafiq kateqoriya üzrə vətəndaşlara üstünlük verilib.
Eyni zamanda qeyd olundu ki, yaxın zamanlarda mərkəzin fəaliyyətinə əlavə olaraq texnikaların təmir zonası da yaradılacaq. Bu isə öz növbəsində əlavə 10 iş yerinin açılması, eyni zamanda fermerlərimizin daha yüksək səviyyəli xidmət əldə etməsini təmin edəcək.
Qeyd edək ki, 1895-ci ildə yaradılmış New Holland şirkəti bir dünya markasıdır. Kənd təsərrüfatı və inşaat texnikaları üzrə dünyada lider şirkətlərdən biridir, 100-dən çox ölkədə 1800 satış mərkəzi ilə fermer və mexanizatorlara xidmət göstərir. Hər il dünyada 170000-dən çox New Holland texnikası satılır. Şirkət öz texnikalarının yüksək effektivliyi və innovativliyi ilə seçilir. Bu cür müasir kənd təsərrüfatı texnikalarının ölkədə istifadəsinin geniş vüsət almasının yaxın gələcəkdə Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına müsbət təsir edəcəyinə inanırıq.