Göygöldə Fermer və Koordinasiya Şurasının toplantısı keçirilib
18 may 2023 | 17:28
Göygöl rayonunda qabaqcıl fermerlərin iştirakı ilə Dövlət Aqrar İnkişaf Mərkəzi yanında fəaliyyət göstərən Fermer və Koordinasiya Şurasının toplantısı keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov və rayonun qabaqcıl fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər. Tədbirdə qeyd edilib ki, DAİM-lər yanında fəaliyyət göstərən Fermer və Koordinasiya şuraları kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub. Aqrar sahədə institusional layihələrin həyata keçirilməsinin davam etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. O, həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb.
Tanınmış fermerlərdən Fuad Zalov, Təhminə Hacıyeva, Elmay Tanrıverdiyev, Rəfail Mustafayev, Mustafa Bəhruz çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə gübrələrin keyfiyyəti, suvarma problemləri, intensiv bağların genişləndirilməsi, sertifikatlı toxumdan istifadə, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda 15 nəfərdən ibarət Fermer və Koordinasiya Şurasının idarə heyətinə yeni üzvlər qəbul olunub.