Göygöldə aqrar sahədə və suvarma suyunda olan problemlər yerində araşdırılıb
24 oktyabr 2022 | 18:14
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov və aidiyyəti struktur qurumlarının nümayəndələrinin iştirakı ilə fermerlərlə yerində görüş keçirilib.
Rayonun Qırıqlı kəndində keçirilən görüşdə, fermerlərin üzləşdikləri problemlərlə bağlı müraciətləri dinlənilib, su itkisinin qarşısının alınması, əkin sahələrinin vaxtında suvarılması üçün arxların təmizlənməsi, təmir-bərpa işləri ilə bağlı təklifləri qeydiyyata götürülüb. Su ilə bağlı problemlərin yerində araşdırılaraq, həll olunması istiqamətində yerli baxışın keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bundan başqa nümayəndələr payızlıq əkinlərin aparılması nəzərdə tutulan sahələrdə olub, tarla əkin işləri ilə maraqlanıblar. Taxıl əkilməsi üçün şum aparılmış əkin sahələrində səpin işlərinin mövcud vəziyyəti ilə yaxından tanış olublar.