Göygöldə 9 dekabr - Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Korrupsiyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilib
10 dekabr 2024 | 15:25
Göygöl Rayon İcra Hakimiyyətində 9 dekabr - Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Korrupsiyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və məsul şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında fəaliyyət göstərən “Korrupsiyaya qarşı mübarizə komissiyası”nın sədri Arzu Qocayev bildirib ki, 9 dekabr - Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə qeyd olunur. Göygöl Rayon İcra Hakimiyyətinin İSO 37001:2016 Korrupsiya Əleyhinə İdarəetmə Sistemi Beynəlxalq sertifikatı alan ilk İcra hakimiyyəti olduğunu vurğulayan komissiya sədri, bununla bağlı Rayon İcra hakimiyyətinin qarşısında duran vəzifələr və öhdəliklər barədə tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Təhminə Şəbəndəyeva çıxışında Azərbaycan Respublikasının dövlət orqanlarında korrupsiya hallarının “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini qeyd etdi. Bu Qanun, habelə dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıdığını qeyd etdi.