Göygöldə 5 Dekabr - Beynəlxalq Könüllülər Günü qeyd edilib
05 dekabr 2023 | 16:35
“2023-cü il - Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon toplantısı keçirilib. Göygöl rayon Gənclər Evində keçirilin toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, aidiyyəti qurumların nümayəndələri, gənclər və rayon könüllüləri iştirak edib.
Toplantı Dövlət Himni ilə açıq elan olunub, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə giriş sözü ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbir iştirakçılarını 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edərək könüllülük fəaliyyətinin mahiyyəti, Respublikada könüllülük fəaliyyətinin yaranma tarixi və əldə olunan nəticələr barədə geniş və ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN könüllülər, “Regional İnkişaf” İctimai Birliyi, Aqrar Könüllülər, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Tədbirdə çıxış edən digər natiqlər Göygöl rayonunda təşkil olunan könüllülük fəaliyyəti barədə ətraflı məlumat veriblər. Sonra Azərbaycanda və Göygöl rayonunda könüllük fəaliyyətinə dair videoçarx təqdim olunub. Tədbirin sonunda il ərzində rayonda könüllülük fəaliyyətində fərqlənən bir qrup gənc Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının Fəxri Fərmanı ilə təltif olunublar.