Göygöldə 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib
26 iyun 2023 | 20:19
Ölkəmizdə “2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlərin Təqvim Planına uyğun olaraq 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbi mütəxəssislərin, vətən müharibəsi veteranlarının və qazilərin görüşü Gənclər Mərkəzində təşkil olunmuşdur.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, çağırış yaşlı gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova bildirib ki, Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, ölkəmizin ərazi bütövlüyünü təmin edən xalqımızın iftixar yeridir.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, istər zabitlər, istərsə də kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər.
Tədbirdə geniş məruzə ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, I Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan zabit, kapitan Sərdar Balayev və digər natiqlər: Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl Şöbəsinin rəisi mayor İlkin Məmmədov, Gəncə-Daşkəsən Regonal Təhsil idarəsinin Göygöl sektorunun müdürü Elnur Qasımov, Göygöl Rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Şəhər 1 nömrəli tam orta məktəbin hərbi rəhbəri I Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan zabit, kapitan Nazim Cahangirov, I Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan zabit, kapitan Rəfi Əliyev qeyd ediblər ki, ölkəmizdə güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən müharibəsindəki şanlı Zəfəri, Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bir daha göstərdi. Çıxışlardan sonra "Döyüşçü" sənədli film nümayiş etdirilib.