Göygöldə “15 oktyabr-Zəfərə aparan yolun başlanğıcı” mövzusunda konfrans keçirilib
14 oktyabr 2023 | 21:05
Göygöl rayonunda Prezident cənab İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş “15 oktyabr-Zəfərə aparan yolun başlanğıcı” mövzusunda konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən təşkil olunmuş konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və YAP Göygöl rayon təşkilatının bütün ərazi partiya təşkilatlarının təmsilçiləri iştirak etdi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb. Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir dövlət himnini səslənməsi ilə açıq elan edilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək 2003-cü ilin 15 oktyabr gününün Azərbaycan tarixinə çox mühüm və əlamətdar gün kimi daxil olduğunu vurğulayaraq, həmin gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdiyini, qədir bilən xalqımız həmin gün cənab İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdiyini, bununla da Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə, ölkədə bu siyasətə alternativin olmadığını göstərdiyini bildirib.
Konfransda Musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva və Yeni Qızılca Ərazi Partiya təşkilatının sədr müavini, partiya veteranı Ofeliya Rəhimova çıxış ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yekun nitqi ilə çıxış edərək, Prezident cənab İlham Əliyevin ilk öncə demokratiyanın milli kimliyimizlə uzlaşan bir sistem olduğunu dünyaya sübut etdiyini və intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildiyini, bu müasir dünya siyasi sisteminə möhür vuran inkişafın Azərbaycan modeli olduğunu diqqətə çatdırıb. Eyni zamanda bildirilib ki, bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi və Prezident cənab İlham Əliyevin siyasi müdrikliyi nəticəsində ölkəmiz hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Böyük Qələbəni qanı-canı hesabına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”–deyən Ulu Öndərin arzusunu reallaşdırmış oldu və ata vəsiyyətini yerinə yetirdi. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqlarımız tam bərpa edildi.
Sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına YAP Göygöl rayon təşkilatının fəxri fərmanları və yeni üzvlüyə qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olundu.
Konfransın yekununda rayon Mədəniyyət evinin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.