Göygöldə 15 İyun Milli Qurtuluş Günü qeyd olunub
14 iyun 2023 | 19:55
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlərin Təqvim Planına uyğun olaraq 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda Heydər Əliyev Mərkəzində toplantı keçirilib.
Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Həmçinin, Göygöl rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu Öndər siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.
Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, Şəmkir RMİ-nin Göygöl rayonu üzrə nümayəndəsi Nurəddin Babazadə və Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin Sosial iş üzrə mütəxəssisi Gülşən Qasımova Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu vurğulayaraq, xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissəsi olduğunu qeyd ediblər.
Toplantının sonunda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Tarixin Şanlı Səhifələri” adlı sənədli film təqdim olunub.