Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilib

01 iyun 2023 | 19:55
“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Göygöl rayon Gənclər Mərkəzində toplantı keçirilib. Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, şəhid və qazi övladlar, məktəblilər iştirak ediblər.
Toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı uşaqları təbrik edərək qeyd edib ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Onları sağlam cəmiyyətdə faydalı vətəndaş kimi böyütmək həm çətin, həm də qürurverici bir işdir. Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə zəngin olması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də böyük məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri böyüməkdə olan nəslin keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə yaşaması üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Vətən üçün savaşa atılan, cəngavər kimi vuruşan, düşməni diz çökdürüb bu xalqın, bu millətin qürurunu özünə qaytaran, qamətini dikəldən, 30 illik Vətən adlı həsrətimizə 44 gündə son qoyan, bizləri qalib xalq, müzəffər millət edən şəhidlərimizin bizlərə əmanət övladlarının çıxışları alqışlarla qarşılanıb. Şəhid övladları öz çıxışlarında atalarının qəhrəmanlıqları barədə qürurla danışıb və şəhid ailələrinə göstərilən dövlət qayğısını xüsusi vurğulayıblar.
Sonra Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin STEAM fənni tədris olunan sinfinin şagirdlərinin, “Ən yaxşı təqdimat müsabiqəsi”nin respublika mərhələsində III yerin qalibi olmuş Göygöl rayon Göyçəkənd tam orta məktəbinin XI sinif şagirdi Yusibova Səkinə Əli qızının, rayonun digər ümumtəhsil məktəb şagirdlərinin, şəhər uşaq musiqi məktəbinin xor kollektivinin və muğam ifaçılarının çıxışları təqdim olunub.
Keçidlər