Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunun Xan Yaylağında, III Milli Yaylaq Festivalı çərçivəsində “Gəncəbasarda köç yolu və elat mədəniyyəti: əcdadlarımızın izi ilə” adlı etnoturizm qurultayı keçirilib

09 iyul 2024 | 16:37
Ölkədə keçirilən ilk etnoturizm qurultayı Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsi və “Cavadxan Mədəniyyət Fondu”nun birgə təşkilatçılığı ilə baş tutub. Qurultay regiondan, paytaxtdan və xarici ölkələrdən olan elm xadimləri, həvəskar yerli mütəxəssislər, müəllimlər və rəsmi qonaqları (ekspertlər, etnoqraflar, folklorşünaslar, tarixçi alimlər və s.) bir araya gətirərək Gəncəbasarda elat mədəniyyətinin tarixi, müasir vəziyyəti, köç yolu və yarımköçəri maldarlıq həyat tərzi ilə bağlı mövzular üzrə müzakirələr aparmağa imkan yaratmışdır.
Qurultayın keçirilməsində əsas məqsəd. qərb regionunun etnoqrafiyasının dərindən araşdırılması, mövzu ilə bağlı elmi nəşrlərin hazırlanması və etnoturizm istiqamətinin inkişafı üçün mühitin təkmilləşdirilməsi, eyni mövzuda qurultay, konfrans, dəyirmi masaların regionun digər yerlərində də mütəmadi olaraq keçirilməsinin ənənəvi turizm nümayiş tədbirlərinə çevrilməsi, qərb regionununda etnoturizm bölgələrinə sahə səfəri edərək yerli köçəri icmalarla görüşlərin və etnoturizm tur proqramlarının hazırlanmasından ibarətdir.
Qurultayda açılış nitqi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “Göygöl rayonunun etnoturizm potensialı” haqqında danışaraq, tədbir iştirakçılarına uğurlar arzuladı. Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı xanım Günel Yaz tərəfindən fondun prezidenti Aktotı Raimkulovanın rəsmi təbrik məktubu oxunaraq qurultayın əsas təşkilatçıları olan Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov və “Cavadxan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənova təqdim edildi. Daha sonra Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop “Türkiyə Respublikasının etnoturizm təcrübəsi”, DTA tabeliyində Qoruqların İdarəetmə Mərkəzinin Mədəni irsin qorunması və inkişafı şöbəsinin müdiri Elşən Mustafayev “Xınalıq köç yolunun UNESCO-nun ümumdünya irs siyahısına salınması təcrübəsi”, “Cavadxan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti M.Həsənov “Milli Yaylaq Festivalı və el şənliyi”, Gəncə Regional Turizm İdarəsinin rəisi Z.Bayramov “Qərb regionunda etnoturizmin inkişaf istiqamətləri” və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov isə “Qərb regionunda etnoturizmin mədəniyyəti” haqqında danışaraq öz dəyərli fikirlərini bildirdilər.
Rəsmi açılış nitqlərindən sonra qurultayın II hissəsi paytaxt Bakıdan gələn elm adamlarının mövzu haqqında məruzələri dinlənilib və müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru, professor, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev “Böyük ipək yolu və Azərbaycan, AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi etnologiya” şöbəsinin əməkdaşı, etnoloq, t.ü.f.d. İsmayıl Umudlu “Qazax qəzasının tarixi köç yolları və yaylaqları”, Bakı Avrasiya Universitetinin müəllimi və elmi katibi, AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin doktorantı, etnoqraf, t.ü.f.d. Pərinaz Sadıqlı “Mahmud Qaşqarinin “Divanü-lüğət-it türk” əsərində türklərin yarımköçəri həyat tərzi ilə bağlı sözlərin izahı”, Milli Azərbaycan Tarixi muzeyinin Etnoqrafiya elmi şöbəsinin müdiri, etnoqraf, t.ü.f.d. Gülzadə Abdulova isə “Azərbaycan milli geyimləri, bu günkü təqdimat və təbliğat üsulları” haqqında danışaraq qurultaya xüsusi maraq qatdılar. Tədbirin sonunda ümumi ictimai müraciət oxunaraq, iştirakçılara fəxri fərmanlar təqdim edilmişdir.
Keçidlər