Göygöl rayonunun turizm potensialının inkişaf etdirilməsi istiqamətində yeni layihələr müzakirə edilmişdir
07 mart 2023 | 16:29
Göygöl Rayon İcra Hakimiyyəti və Gəncə Turizm İnformasiya Mərkəzi / Destinasiya Menecmenti Təşkilatının təşəbbüsü ilə yaradılmış turizm üzrə “işçi qrupu”nun ilk iclası keçirilmişdir. İclasda KOBİA-nin Gəncə şəhər regional kordinatorluğu, o cümlədən, Göygöl rayon nümayəndəliyi, Göygöl Rayon Gənclər və İdman İdarəsi, Göygöl Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi, Meşələrin İnkişafı Xidmətinin Göygöl rayon nümayəndəliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi, Göygöl Milli Parkı, Bələdiyyələr, turizm üzrə yaradılmış “Yerli Ekspertlər Şəbəkəsi”nin nümayəndələri, Göygöl Peşə Məktəbi, “Goygol Lake Resort” və s. dövlət-özəl qurumları iştirak etmişdir.
Görüş hibrid (onlayn və oflayn) formatda təşkil olunduğundan Bakı şəhərindən Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun səlahiyyətli nümayəndələrinin də iştirakı təmin edilmişdir. İclasda BMT İP (UNDP) proqramı çərçivəsində icra edilən “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına dəstək” layihəsinin rəhbəri və regional turizmin inkişafı üzrə beynəlxalq eksperti də iştirak etmişdir.
İclasda iştirak edən müxtəlif dövlət və özəl qurumlarının ilk olaraq fikirləri, qarşıda duran təşəbbüsləri dinlənilmiş, layihə çərçivəsində hazırlanmış “Qərb Destinasiya İnkişaf Planı”nın məqsədi və hazırlanma metodologiyası haqqında ətraflı məlumat verilmiş, daha sonra seminar formatında xüsusi metodologiya (World Cafe) əsasında Göygöl üçün yeni layihələr üzərində məhsuldar müzakirələr aparılmışdır.