Göygöl rayonundan da Türkiyədə zəlzələ nəticəsində zərərçəkənlərə humanitar yardım göndərilib
11 fevral 2023 | 19:55
Göygöllülər qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmir. 2023-cü ilin fevral ayının 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş və digər 10 müxtəlif bölgələrində baş vermiş güclü zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntılar başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqını sarsıtdı. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralanlara şəfa diləyib. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycandan qardaş Türkiyəyə davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər və humanitar yardımlar göndərilir.
Göygöllülər də Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyəyə dəstək kompaniyasına fəal qoşularaq əllərindən gələni əsirgəmirlər. Rayon İcra Hakimiyyəti başda olmaqla bütün göygöllülər ərzaq, dərman, geyim dəstləri, yataq ləvazimatları və digər zəruri əşyalarla qardaş Türkiyəyə dəstək olublar.