Göygöl rayonunda “Yeniyetmə və gəncləri dini radikal təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib
06 dekabr 2024 | 20:35
Göygöl Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikal təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının nəzdində daimi fəaliyyət göstərən “Dini İşlər üzrə Komissiya” nın sədri Kəmalə İbrahimova, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, rayon ağsaqqalları və gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı məlumat verməklə yanaşı, belə bir mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Respublikamızın nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biri olduğunu vurğulayıblar Yeniyetmələrin yad ideologiyaların təsiri altına düşməməsi üçün valideynlərin onların üzərində nəzarəti artırmasının vacibliyini qeyd edən çıxışçılar, gənclərin radikal dini təriqətlərin təsiri altına düşməsinin qarşısının alınmasında bütün sağlam qüvvələrin səfərbər olunmasını prioritet məsələ kimi qeyd ediblər.
Çıxışlardan sonra iştirakçılarının sualları cavablandırılıb.