Göygöl rayonunda “Yaşıl dünyanın gələcək qurucuları” adlı Uşaq Forumu keçirilib
18 iyun 2024 | 10:06
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin V-VIII sinif şagirdləri üçün “Yaşıl dünyanın gələcək qurucuları” adlı Uşaq Forumu keçirilib. Rayon Gənclər Evində keçirilən Forumda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, ADA Universitetinin dosenti Aqrar elmləri üzrə fəlsəfə doktoru Asəf Ömərov, Azərbaycan Elmlər Akademiyasının Gəncə bölməsinin əməkdaşı Elnur Həsənov, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında 4-cü Sənaye İnqilabı Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Nərmin Rəhimli və tədris ili ərzində müxtəlif yarış və müsabiqələrdə uğurlu nəticə əldə etmiş şagirdlər iştirak ediblər.
Forumun təşkil edilməsində məqsəd məktəbliləri öz hüquqları barədə maarifləndirmək, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək, eləcə də onların bilik və özünü ifadəetmə bacarıqlarının artırılmasına, şəxsi inkişafına dəstək verməkdən ibarətdir.
Uşaq Forumu Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşaq Forumunda spiker qismində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qeyd edib ki, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz də bu istiqamətdə bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Bu cür tədbirlərin vaxtında görülməsi təbii olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa və təbiətə məhəbbət, sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun yerinə yetirilməsinə, vətənin maraqlarının müdafiəsi hisslərinin möhkəmləndirilməsinə və gələcək peşə seçiminə əvəzsiz xidmət edir.
Uşaq Forumunda digər spikerlər Asəf Ömərov, Elnur Həsənov və Nərmin Rəhimli ayrı-ayrı mövzular üzrə təqdimatlarla çıxış ediblər. Uşaq Forumu işgüzar şəraitdə keçib, moderatorun və şagirdlərin sualları spikerlər tərəfindən ətraflı cavablandırılıb.