Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz Göygöl” Gənclərin Forumu və eko-aksiyası keçirilib
17 may 2024 | 11:50
Göygöl rayon Gənclər Evində keçirilən tədbirin açılış hissəsində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev Azərbaycanda ekologiyanın və ətraf mühitin qorunması istiqamətində icra olunan fəaliyyətlər və gənclərin ekoloji sahədə fəallığı ilə bağlı məlumat veriblər.
Tədbirin forum hissəsində RİHB müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev “Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi”, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə “Son 1 ildə “Təmiz Göygöl” təmizlik aksiyasında gənclərin aktivliyi”, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müdiri Azər Quliyev isə “ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər” mövzularında panel müzakirələr təşkil olunub. Panel müzakirələrində gənclərin sualları cavablandırılıb. Daha sonra Göygöl rayonunda müəyyən edilmiş ərazidə gənclərin iştirakı ilə 100-dən çox ağac əkilib.
Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Göygöl bölməsinin, Göygöl Gənclər Evinin və GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosasiyasının tərəfdaşlığı ilə keçirilib.