Göygöl rayonunda yanğınlara qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir
31 iyul 2023 | 16:55
Göygöl Rayon İcra Hakimiyyətində meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, yerli icra nümayəndə və bələdiyyələrin iştirakı ilə iclas keçirilmişdir.
İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb.
Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Vüsal Əliyev çıxış edərək qeyd edib ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur. Rayon ərazisində ötən illə müqayisədə yanğın hallarının bu il az olduğunu diqqətə çatdıran V.Əliyev bu sahədə görülən tədbirlərin rayon ərazisində fəaliyyət göstərən nümayəndə və bələdiyyələrlə birgə təşkil edilməsinin vacib olduğunu bildirmişdir.
Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Ramin Lətifov çıxış edərək Mərkəzin əməkdaşları tərəfindən meşə sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin görüldüyünü, yol kənarlarında və meşə sahələrində yanğın təhlükəsizliyi ilə bağlı məlumatverici lövhələrin quraşdırlıdığnı bildirmişdir. Sevindirici haldır ki, Göygöl rayonu ərazisində meşə yanğını halları qeydə alınmamışdır. R.Lətifov bu sahədə aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin və reydlərin təşkil olunduğunu iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.