Göygöl rayonunda “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” mövzusunda tədbir keçirilib
24 oktyabr 2024 | 17:38
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” mövzusunda rayon gənclərinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə tədbiri açıq elan edərək bildirdi ki, vətənpərvərlik böyük məfhumdur və milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir. Bu sadəcə orduda xidmət deyil, vətəni sevmək, torpağa bağlı olmaq deməkdir. Vətənpərvər övladların yetişdirilməsi ilk növbədə ailədən başlayır və daha sonra təhsil ocaqlarında davam etdirilir.
Daha sonra Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə mövzu ilə bağlı fikirlərini bölüşdü və belə tədbirlərin davamlı olmasını və bu tədbirlərdə gənclərin aktiv iştirak etməsini tövsiyə etdi. Tədbirdə çıxış edən Göygöl Gənclər Evinin metodisti Gülmira Əbdülkərimova, Göygöl rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Araz Abbasov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə Cəfərova və digər natiqlər qeyd etdilər ki, müasir gənclər intellektual səviyyəli, yaradıcı, XXI əsrin çağırışlarına cavab verən və soykökünə bağlı olmalıdırlar. Yaşadığımız qloballaşma dövrün ən təhlükəlisi milli-mənəvi dəyərlərin itirilməsidir. Ona görə də gənclərimiz ayıq-sayıq olmalı, sosial media üzərindən aparılan, gənclərin milli-mənəvi şüuruna mənfi təsir edən təbliğata uymamalıdırlar. Bu cür gənclərin yetişdirilməsi dövlət siyasətinin prioritet hədəfidir. Eyni zamanda çıxışlarda qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin milli vətənpərvərlik ideyası milli-mənəvi tərbiyənin mühüm tərkib hissəsi kimi daha geniş məzmuna malikdir. Ulu Öndərin milli tərbiyə ilə bağlı nəzəri-pedaqoji irsində vətənpərvərlik və Azərbaycançılıq ideyaları sıx birləşir; azərbaycançılıq hissi Azərbaycan sevgisində, Ana Vətənə məhəbbətdə təzahür edir. “Azərbaycanı sevmək - azərbaycançılıq hissiyyatını özündə cəm etmək deməkdir” kimi səciyyələndirən Heydər Əliyev bunu onunla əsaslandırırdı ki, dünyanın çox ölkələrində azərbaycanlılar yaşayır. Onlar da azərbaycanlılardır, onlarda da azərbaycançılıq hissləri yaşamalıdır, onlar da Azərbaycanla bağlı olmalıdırlar.
Bu gün Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Müasir tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat vətənpərvər ordumuzun, xalqımızın və vətənpərvər liderimizin birliyi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edilməsi ilə nəticələndi.
Mövzu ilə bağlı gənclərin də fikirləri dinlənildi və sualları cavablandırıldı.
Sonda tədbir iştirakçılarına vətənpərvərlik mövzusuna həsr olunmuş videoçarx nümayiş olundu.