Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illiyi ilə bağlı tədbir keçirilib

14 iyul 2024 | 14:50
Göygöl rayonunda Rayon İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib. Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinləri Arzu Qocayev və Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, təhsil və mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, YAP fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Sonra iştirakçıların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Dəyirmi masa ətrafında davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri var. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda 55 il öncə birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi, həm də Azərbaycan xalqının özünəqayıdışının başlanğıcı kimi xatırlanır. Həmin dövr xalqımızın və dövlətimizin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atılıb, misilsiz xidmətlər göstərilib. Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, dövlətimizin gücünü-qüdrətini günbəgün artırır, ölkəmiz yeni-yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.
Sonda müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Keçidlər