Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ehtiramla qeyd edilib
12 dekabr 2024 | 17:10
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı Göygöl rayonunda anım tədbiri keçirilib. Anım günündə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun YAP təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, ağsaqqallar və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehsan mərasimi təşkil olunub.
Mərasimdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundakı fəaliyyətindən geniş bəhs edib. Eyni zamanda bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ali Baş Komandanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon ziyalısı, YAP veteranı Ofeliya Rəhimova ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs ediblər.
Göygöl rayon sakinləri gün ərzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib əziz xatirəsini ehtiramla yad ediblər.