Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı “Azərbaycanı dünyaya tanıdan insan” mövzusunda dəyirmi masa keçirilib
09 may 2024 | 15:55
Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı “Azərbaycanı dünyaya tanıdan insan” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi Göygöl filialının sədri Araz Abbasov, təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşlar, ziyalılar və rayon gəncləri iştirak ediblər.
Əvvəlcə iştirakçıların ekspozisiya zalına ekskursiyası təşkil olunub, Ümummilli Lideri Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyəti haqqında geniş və ətraflı məlumat verilib. Sonra tədbir dəyirmi masa ətrafında davam edib. Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərə həsr olunmuş videoçarx təqdim olunub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışılıb, ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərdən bəhs olunub.