Göygöl rayonunda taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi mövzusunda müşavirə keçirilib
06 iyun 2024 | 11:15
Göygöl Rayon İcra Hakimiyyəti, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi mövzusunda Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilmişdir. Müşavirədə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Natiq Piriyev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, icra nümayəndələri, bələdiyyələr, “Aqroservis” ASC-nin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişdir.
Arzu Qocayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, taxıl tədarükünün artırılması, əhalinin dayanıqlı ərzaq təminatı ilə bağlı Prezident Cənab İlham Əliyev tərəfindən mühüm qərarlar qəbul edilmişdir. Rayonda kənd təsərrüfatı sahəsində hazırkı vəziyyət və statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu sahədə texnikaya tələbatın müəyyən edilməsi, düzgün dislokasiyası, biçin zamanı yerlərdə növbəliliyin təşkil edilməsinin vacib olduğunu qeyd etmişdir. Taxıl biçini və ondan sonrakı müddətdə fermerlərin yanğın təhlükəsizliyi qaydalarına əməl etməli olduğunu, bununla əlaqədar müvafiq maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindan danışmışdır.
Azər Hacıyev çıxış edərək bildirdi ki, rayon ərazisində taxıl əkinləri bir neçə dəfə suvarılıb, sahələrdə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılıb, üzvü və mineral gübrələr verilib. Bundan başqa, rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədilə bütün kombaynlar saz vəziyyətə gətirilib. Bu sahədə qarşıya çıxacaq problemlərin vaxtında və operativ həll edilməsi məqsədilə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində Operativ qərargah yaradıldığını, təsərrüfat sahiblərinin qarşıya çıxacaq çətinliklərdə Operativ qərargaha müraciət etmələrini bildirmişdir.
Natiq Piriyev öz çıxışında dənli və texniki bitkilərin biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlərin təxirəsalınmadan həyata keçirilməli olduğunu bildirmişdir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır.
“Aqroservis” ASC-nin nümayəndəsi mövcud texnikaların vəziyyəti və bu sahədə olan problemlər, həlli yolları barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.